Azərbaycan Respublikasının Milli Bankı “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılmışdır. Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi Qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir. Mərkəzi Bankın fəaliyyətinin məqsədi, həmçinin banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin təşkili və fəaliyyətinin təmin edilməsi, habelə bank sisteminin sabitliyinə dəstəyin göstərilməsindən ibarətdir. Mənfəət götürmək Mərkəzi Bankın əsas məqsədi deyildir.
Mərkəzi Bankın funksiyaları aşağıdakılardır:
Mərkəzi Bankın əsas funksiyası dövlətin pul və onun tərkib hissəsi olan məzənnə siyasətinin müəyyən edilməsi və həyata keçirilməsidir.
Mərkəzi Bankın mühüm funksiyalarından biri də Azərbaycan Respublikasının milli valyutasının (manatın) emissiya edilməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Mərkəzi Bank bu hüququn müstəsna sahibidir. Bu səlahiyyət çərçivəsində Mərkəzi Bank manatda olan kağız və metal pul nişanlarını tədavülə buraxır və tədavüldən çıxarır, həmçinin onların dövriyyəsinin təşkili üzrə tədbirlər görür.
Mərkəzi Bank manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini müəyyən edir və elan edir.
Valyuta tənzimi və nəzarəti – məzənnə siyasətinin həyata keçirilməsini dəstəkləyən, beynəlxalq hesablaşmaların aparılması, xarici valyuta ilə dövriyyənin tənzimlənməsi, o cümlədən əqdlərin həyata keçirilməsi, valyutadan istifadənin məhdudlaşdırılması və valyutanın hərəkəti üzrə dövlət nəzarətinin aparılması ilə bağlı kompleks tədbirlərdən ibarət fəaliyyətdir.
Mərkəzi Bank sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir.
Mərkəzi Bankın funksiyalarından biri qanunvericiliyə uyğun olaraq hesabat tədiyə balansının tərtib edilməsi və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edilməsidir.
Mərkəzi Bank ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib edir, məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin edir. Bu funksiya “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa qəbul edilmiş 20 oktyabr 2015-ci il tarixli dəyişikliklər əsasında Mərkəzi Banka həvalə edilmişdir.
Bu funksiya çərçivəsində Mərkəzi Bank ölkədə banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərini yaradır, yaratdığı ödəniş sistemlərinin sabit işləməsini təmin etmək məqsədilə onların fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların fəaliyyətinə nəzarət edir.